əl-Hucurat

1) Ey iman etmiş kəslər! Allahın və Elçisinin iki əlinin arasında önə keçməyin/dində öz fikirlərinizi önə çıxarmayın. Və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
2) Ey iman etmiş kəslər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın. Bir-birinizə ucadan qışqırdığınız kimi, Peyğəmbərə ucadan qışqırmayın; yoxsa siz fərqində olmadan hörmətsizlikdə həddi aşarsınız və əməlləriniz puç olar.
3) Şübhəsiz, Allah Elçisinin hüzurunda səslərini aşağı salanlar [ki var]; Allah, bax onların qəlblərini Özünün mühafizəsi altına girməsi üçün imtahana çəkmişdir. Onlar üçün bağışlanmaq, himayə və böyük bir mükafat var.
4) Şübhəsiz, səni otaqların arxa tərəfindən çağıran kəslər [ki var]; onların çoxu ağıllı iş görmürlər.
5) Və əgər onlar, sən onların yanına çıxana qədər səbr etsəydilər, əlbəttə, onlar üçün daha yaxşı olardı. Və Allah, qullarının günahlarını çox çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.
6) Ey iman etmiş kəslər! Əgər haqq yoldan azanın biri sizə bir xəbər gətirsə dərhal yoxlayın/dəqiqləşdirin. Yoxsa bilmədən bir qövmə sataşarsınız/ziyan vurarsınız və əməlinizdən peşman olarsınız.
7,8) Və şübhəsiz, bilin ki, aranızda Allahın Elçisi var. Əgər o, bir çox işdə sizə uysaydı, siz həqiqətən çətinliyə düşərdiniz. Lakin Allah, Öz tərəfindən bir lütf və nemət olaraq, sizə imanı sevdirdi və onu qəlblərinizə zinət etdi. Küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyi], haqq yoldan çıxmağı və üsyanı da sizə çirkin göstərdi. Bax məhz belələri, yetkinliyə/əqli yetkinliyə sahib olan kəslərdir. Və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır, ən çox möhkəm edəndir.
9) Və əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşdurulsa, dərhal onların arasını düzəldin. Əgər biri o birinin üzərinə hücum etsə, Allahın əmrinə qayıdana qədər hücum edən tərəflə döyüşün. Sonra da hücum edən əgər dönsə, aralarında ədalətlə sülhü bərqərar edin və haqqaniyetle hərəkət edin. Şübhəsiz ki, Allah haqqaniyetle iş görənləri sevər.
10) Möminlər ancaq qardaşdırlar. Elə isə mərhəmətə qovuşmaq [sizə rəhm olunması] üçün qardaşlarınızın arasını düzəldin və Allahın mühafizəsi altına daxil olun.
11) Ey iman etmiş kəslər! Bir dəstə başqa bir dəstəni lağa qoymasın. Ola bilər ki, lağa qoyduqları dəstə onlardan daha xeyirli olsun. Qadınlar da başqa qadınları lağa qoymasın. Bəlkə də lağ etdikləri qadınlar onlardan xeyirlidir. Özünüzə də tənə etməyin, rişxənd etməyin; bir-birinizə ləqəblər qoşaraq tənə etməyin, rişxənd etməyin, kiçiltməyin. İmandan sonra haqq yoldan çıxan adını almaq necə də pisdir! Və kim səhvdən dönməzsə, bax məhz onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir.
12) Ey iman etmiş kəslər! Zənnin bir çoxundan çəkinin. Şübhəsiz ki, zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu axtarmayın. Bir qisminiz bir qisminizin qeybətini etməsin/onun olmadığı yerdə ağzına gələni danışmasın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Bax, bu sizdə ikrah oyatdı. Və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah tövbələri çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox mərhəmət sahibidir.
13) Ey insanlar! Biz sizi bir erkək ilə bir dişidən əmələ gətirdik, bir-birinizi tanıyasınız deyə, sizi xalqlar və qəbilələr halına gətirdik. Şübhəsiz ki, Allah yanında ən qiymətliniz, Allahın mühafizəsi altına ən çox daxil olanınızdır. Həqiqətən Allah, ən yaxşı biləndir, ən çox xəbərdar olandır.
14) Bədəvi ərəblər: "İnandıq!" dedilər. De ki: "Siz inanmadınız, amma ‘Əsləmna [möhkəmləndirdik/öz mövqeyimizi möhkəmləndirdik]!’ deyin; iman hələ sizin qəlblərinizə girməyib. Və əgər Allaha və Elçisinə itaət etsəniz, O, əməllərinizdən heç bir şeyi sizə əskiltməz." Həqiqətən, Allah çox bağışlayandır, çox mərhəmətlidir!
15) Möminlər ancaq Allaha və Onun Elçisinə iman edən, sonra da şübhəyə düşməyən və malları və canları ilə Allah yolunda səy göstərən kəslərdir. Bax məhz bunlar sadiqlərdir.
16) De ki: "Siz dininizi Allahamı öyrədirsiniz? Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir." Və Allah, hər şeyi çox yaxşı bilir.
17) Onlar, İslamı qəbul etdiklərinə görə sənin minnətdar olmağını gözləyirlər. De ki: "İslamı qəbul etdiniz deyə, məndən minnətdarlıq gözləməyin. Əksinə, əgər doğruçu kəslərsinizsə, sizi imana vasil etdiyi üçün, siz Allaha minnətdarlıq duyğusu bəsləyin."
18) Şübhəsiz, Allah göylərin və yer üzünün görünməyənini, eşidilməyənini, hiss edilməyənini bilir. Və Allah, əməllərinizi çox yaxşı görəndir.