88,1) Və Allah ilə yanaşı başqa bir tanrıya ibadət etmə. Ondan başqa heç bir məbud yoxdur. Onun Zatından başqa hər şey yox olacaq. Qanun-qayda, yalnız Ona məxsusdur. Siz də ancaq Ona qaytarılacaqsınız. Bəndəsini bir gecə, ayələrimizdən/nişanlarımızdan/işarətlərimizdən göstərmək üçün Məscidülhəramdan bir tərəfini mübarək etdiyimiz Məscidüləqsaya[#183] aparan Allah, bütün nöqsanlıqlardan pakdır. Şübhəsiz ki, ən yaxşı eşidən, ən yaxşı görən Onun Özüdür.
2,3) Musaya da Kitab verdik və Mənim altımdakılardan vəkil [bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən bir adam/təşkilat] tanımayasınız deyə Kitabı, İsrail oğulları -Nuhla birgə gəmiyə mindirərək xilas etdiyimiz kəslərin soyundan olanlar- üçün bir bələdçi etdik. Şübhəsiz ki, Nuh, şükr edən; özünə verilən nemətlərin əvəzini çox ödəyən bir bəndə idi.
4,5,6) Və Biz İsrail oğullarına Kitabda/[alın] yazısında bunu gerçəkləşdirdik: "Həqiqətən siz, yer üzündə iki dəfə qarışıqlıq yaradacaqsınız/darmadağın ediləcəksiniz və həqiqətən böyük bir yüksəlişlə yüksələcəksiniz." Bax, o ikisindən birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik də onlar, evlərin arasına girib axtarırdılar. Və o, yerinə yetirilməsi lazım olan bir vəd idi. Sonra sizi yenə güclü qulların üzərində qalib etdik və sizə mallarla və oğullarla kömək etdik. Və sizə işə yarayan şeylərdən daha çox şey verdik.
7,8) -Əgər yaxşılıq etdinizsə, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etdinizsə o da edənin özü üçündür.- Artıq yenidən darmadağın olmaq zamanı gəldikdə sizin üstünüzə güclü qullarımızı yenə göndərəcəyik ki, sizə pislik etsinlər, birinci dəfə girdikləri kimi yenə məscidə/Beytülməqdisə girsinlər, ələ keçirdikləri yerləri məhv edib dağıtsınlar. Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Və əgər siz qayıtsanz, Biz də qayıtdıq. Və Biz Cəhənnəmi kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün onları əhatə edən bir zindan etdik.
9,10) Şübhəsiz ki, bu Quran insanları ən doğru və ən möhkəm şeyə; yetkinliyə yönləndirər və sahmana salmaq məqsədi ilə əməl işləyən möminlər üçün həqiqətən və həqiqətən böyük bir əcr olduğunu və axirətə inanmayan insanlar üçün Bizim ağrılı bir əzab hazırladığımızı xəbər verər.
11) Və insan, şəri elə dəvət edir ki, elə bil xeyiri dəvət edir. Və insan çox tələsəndir.
12) Və Biz, gecəni və gündüzü iki işarət/nişan etdik. Sonra Rəbbinizin lütf etdiyi şeyləri axtarasınız deyə, illərin sayını və hesabı biləsiniz deyə gecənin işarətini/nişanını silib, bir düşüncə inkişaf etdirici olaraq gündüzün işarətini/nişanını gətirdik. Və Biz, hər şeyi ətraflı izah etdik, izah etdik.
13,14) Və hər insanın öz əməllərinin əvəzini, öz boynuna elə doladıq ki, ondan ayrılmasın. Və Biz, qiyamət günündə açılacaq kitabı onun üçün çıxaracağıq: "Oxu öz kitabını! Bu gün sən özün özünü sorğu-suala çəkmək üçün kifayətsən!"
15) Kim, göstərilən doğru yolu tapsa, sırf öz yaxşılığı üçün götərilən doğru yoldadır. Kim də yoldan çıxarsa, ancaq öz zərərinə yoldan çıxmış olar. Və heç bir yük daşıyan başqasının yükünü daşımaz. Və Biz, bir peyğəmbər göndərməmiş əzab edən olmadıq.
16) Və Biz, bir ölkəni dəyişikliyə/məhvə məruz qoymaq istədiyimiz zaman, oranın zəngin və güclü adamlarına, başbilənlərinə haqq yolda olmağı, haqq yolda rəhbərlik etməyi əmr edirik, ancaq onlar, bunun əksinə, haqq yoldan çıxırlar. Belə olan halda, o yer üçün Söz[#184] [vəd] həqiqətə çevrilir və Biz oranı kökündən darmadağın edirik.
17) Və Biz Nuhdan sonrakı neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoyduq. Və bəndələrinin günahlarını layiqincə bilən və ən yaxşı görən olaraq Rəbbin kifayətdir.
18,19,20) Hər kim tez keçib gedən dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz şeyi tezləşdirərik. Sonra onun üçün cəhənnəmi hazırlayarıq, qınanmış və qovulmuş olaraq oraya daxil olar. Kim də axirəti istəsə və mömin olaraq axirətə yaraşan bir əzmlə axirət üçün çalışsa, bax elələrinin əməlinin əvəzi ödənəcək. Hamısına; dünyanı istəyənlərə və axirəti istəyənlərə Rəbbinin lütflərindən verərik. Rəbbinin lütfkarlığı məhdud deyil.
21) Onların bir qisimini bir qismindən necə üstün etdiyimizə bir bax! Əlbəttə axirət, dərəcə baxımından daha üstündür, çoxluq baxımından da daha böyükdür.
22) Allah ilə yanaşı başqa bir məbud qəbul etmə/tanıma! Yoxsa qınanmış və tək başına oturub qalarsan.
23,24) Və sənin Rəbbin qəti olaraq, Özündən başqasına ibadət etməməyinizi, ana və atanı yaxşılaşdırmağınızı- gözəlləşdirməyinizi buyurdu. Onlardan biri və ya hər ikisi sənin yanında qocalığa çatsa, əsla onlara "Uf" demə, onları danlama; onlarla çox həssas rəftar et. Və ikisinə də şərəfli, şirin və gözəl söz söylə. Və mərhəmət göstərərək onlar üçün təvazökarlıq qanadlarını endir. Və də ki: "Ey Rəbbim! Onların məni kiçik yaşımda tərbiyə edib böyütdükləri kimi, onlara rəhmət et."
25) Sizin Rəbbiniz sizin daxilinizdə olanları çox yaxşı bilir. Əgər saleh əməl işləyənlərdən olsanız, əlbəttə, O həqiqətən dönənləri bağışlayandır.
26,27) Yaxınlara; yurdlarından çıxarılan kasıblara, yoxsula və yolda qalana da haqqını ver. Və yersiz/pis işlər üçün xərcləmə. -Şübhəsiz, yersiz/pis işlər üçün xərcləyənlər, şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur.-
28) Və əgər sən Rəbbindən dilədiyin bir lütfü istəyərək, qohuma, yoxsula və yolda qalmışa kömək etməyəcəksənsə, o halda onlara yumşaq və şirin/onları incitməyən bir söz söylə.
29) Və əlini boynuna bağlama/xəsis olma, onu büsbütün də açıb-saçma/bədxərclik etmə. Əks halda qınananlardan olar və peşman olub qalarsan.
30) Həqiqətən sənin Rəbbin, bəndələrindən dilədiyinin ruzisini artırar və azaldar. Şübhəsiz ki, O, bəndələrindən həqiqətən xəbərdardır, layiqincə görəndir.
31) Və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Onların və sizin ruzinizi Biz veririk/onları və sizi Biz bəsləyirik. Onları öldürmək, həqiqətən, böyük bir günahdır.
32) Zinaya da yaxınlaşmayın/zinaya yol açacaq yollardan uzaq olun. Şübhəsiz ki o, iyrənclik və pis bir yoldur.
33) Və haqsız yerə, Allahın haram qıldığı bir kimsəni öldürməyin. Və kim haqsızlıq edilərək öldürülsə, Biz onun yaxınlarına bir səlahiyyət vermişik. O da öldürməkdə həddi aşmasın. -Şübhəsiz, öldürülənə/onun hüquqlarını qoruyan yaxınlarına kömək olunmuşdur.-
34) Həddi-büluğa çatana qədər yetimin malına da -ən gözəl [niyyətlə] olmağı istisna- yaxınlaşmayın. Əhdi/verilmiş sözünüzü də yerinə yetirin. Şübhəsiz ki, verilən sözdə məsuliyyət vardır.
35) Ölçərkən düz ölçün və düz tərəzi ilə çəkin. Bu, həm daha xeyirli və nəticə/əməl baxımından daha gözəldir.
36) Və heç bilmədiyin bir şeyin arxasınca düşmə! Şübhəsiz ki, qulaq, göz, ürək, bunların hər biri ondan sorğu-sual olunacaq.
37) Və yer üzündə təkəbbürlə və əzəmətlə gəzib dolanma! Şübhəsiz ki, sən əsla yeri yara bilməz və boyda da dağlara çata bilməzsən.
38) Bütün bu pis əməllər, Rəbbinin dərgahında xoşagəlməz şeylərdir.
39) Bax, yuxarıda deyilən bu qanunlar/əmrlər, Rəbbinin sənə vəhy etdiyi, səhv işlərin və qarışıqlığın qabağını almaq üçün qoyulmuş qanun, düstur və qaydalardan bəziləridir. Allahla yanaşı başqa bir məbud[#185] qəbul etmə. Əks halda qınanmış və qovulmuş halda cəhənnəmə atılarsan.
41) Biz, bu Quranda, onlar ağıllarını başlarına yığsınlar deyə, [sözü] müxtəlif şəkillərdə dolandırıb çevirdik/fərqli-fərqli şəkillərdə izah etdik. Və bu şərhlər, onların ancaq nifrətini artırmışdır.
45) Quranı öyrənib-öyrətdiyin zaman, səninlə axirətə inanmayanlar arasında görünməz/gizli bir pərdə çəkdik.
46) Və onların qəlblərinin üstünə, onu qavrayıb anlamalarına mane olan qabıqlar, qulaqlarına da tıxac qoyduq. Və sən Quranda ancaq Rəbbini 'bir və tək' olaraq zikr etdiyin zaman, 'nifrətlə qaçaraq’ geriyə çəkilərlər.
47,48) Biz, onların səni dinlədikləri vaxt nə üçün dinlədiklərini, gizli danışıqlarında da şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin, "Siz ancaq ovsunlanmış bir adama uyursunuz" dediklərini çox gözəl bilirik.[#186] Sənin üçün necə misallar çəkdiklərinə bir bax! Beləcə azğınlığa düşdülər! Artıq bir yol tapmağa da gücləri çatmaz.
42) De ki: "Əgər dedikləri kimi, Allah ilə yanaşı bəzi məbudlar olsaydı, o zaman o məbudlar ən böyük taxtın[#187] sahibinə; Allaha bir yol axtarardılar".
40) Rəbbiniz, oğulları xüsusi olaraq sizə verib, Özü mələklərdən dişilərimi götürdü? Şübhəsiz ki, siz çox böyük bir söz danışırsınız.
43) Allah, onların dediklərindən böyük bir ucalıqla pak və çox ucadır.
44) Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifətlərdən pak tutur. Onun tərifi ilə birlikdə [Allahı] nöqsan sifətlərdən pak tutmayan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən pak tutmağını yaxşı anlamazsınız. Şübhəsiz ki, O, həlimdir, çox bağışlayandır.
49) Və onlar dedilər ki: "Biz, sür-sümük olduğumuz və ovxalanıb toz olduğumuz vaxt, həqiqətən, yenidən dirildiləcəyikmi?"
50,51,52) De ki: "İstər daş olun, istər dəmir. Və yaxud ürəyinizdə [özünüz üçün] böyütdüyünüz başqa bir məxluq olun." Sonra onlar: "Bizi kim geri qaytaracaq?" deyəcəklər. De ki: "Sizi ilk dəfə yoxdan yaradan." Belə olduqda, sənə başlarını tərpədəcək və "Nə zaman olacaq bu?" deyəcəklər. De ki: "Ümid edilir ki, çox tezliklə! Sizi çağırdığı/dirildildiyiniz gün, Onu tərifləyərək Onun çağırışına tabe olacaqsınız və çox az qaldığınızı zənn edəcəksiniz."
53) Bəndələrimə söylə, ən gözəl olanı söyləsinlər. Şübhəsiz ki, şeytan aralarına nifaq salar. Şübhəsiz ki, şeytan, insan üçün açıq-aşkar bir düşməndir.
54) Sizin Rəbbiniz sizi daha yaxşı biləndir. İstəsə, tövbəniz səbəbindən sizə rəhm edər və yaxud diləsə əzab edər. Səni də onlar üçün vəkil [bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən biri] olaraq göndərməmişik.
55) Və Rəbbin göylərdə və yerdə olan kəsləri ən yaxşı biləndir. Və and olsun ki, Biz peyğəmbərlərin bəzisini bəzisindən artıq etdik. Biz, Davuda da Zəburu verdik.
56) De ki: "Allahın altındakılardan, məbud olduğunu iddia etdiyiniz şeyləri çağırın. Görəcəksiniz ki, onlar sizdən çətinliyi uzaqlaşdırmağa və dəyişdirməyə qadir deyil.
57) Bax, məbud olduğunu iddia etdiyiniz kəslər, Rəbbinə vəsilə axtararaq yalvaran kəslərdir. Bunların hansı biri daha yaxın və Onun mərhəmətini umid edir və Onun əzabından qorxur? Həqiqətən sənin Rəbbinin əzabı qorxuludur.
58) Və heç bir şəhər yoxdur ki, qiyamət günündən əvvəl Biz onu dəyişikliyə/məhvə məruz qoymayaq, yaxud şiddətli bir əzab ilə cəzalandırmayaq. Bu, kitabda sətir-sətir yazılmışdır.
59) Və Bizim işarətləri/nişanələri göndərməyimizə mane olan şey, ancaq əvvəlkilərin onları yalan saymasıdır. Və Səmud [qövmünə], açıq, göz görə-görə sosial dəstək qurumlarını qurmaq[#188] işini tapşırmışdıq, ancaq bu səbəbdən haqsızlıq etdilər. Və Biz, o işarətləri/nişanələri ancaq qorxutmaq üçün göndəririk.
60) Və bir vaxt Biz sənə, "Şübhəsiz ki, Rəbbin insanları əhatə etmişdir" demişdik. Və sənə açıqca göstərdiyimiz o mənzərə və Quranda yaxın düşməməyiniz deyilən qızıl, mal-mülk hərisliyi[#189] də ancaq insanları imtahan etmək üçündür. Və Biz onları qorxuduruq, lakin bu, ancaq onların şiddətli azğınlığını artırır.
61) Və bir vaxt Biz təbiət güclərinə:[#190] "Adəmə; elm verilmiş insana boyun əyib tabeçilik göstərin" demişdik, İblisdən; düşüncə bacarığından[#190] başqa hamısı boyun əyib tabeçilik göstərmişdilər. O, "Mən bir palçıq olaraq; maddə olaraq meydana gətirdiyin kimsəyə boyun əyib tabeçilikmi göstərəcəyəm?" demişdi.
62) İblis dedi ki: "Məndən üstün tutduğun bu adamı gördünmü? And içirəm ki, əgər mənə qiyamət gününə qədər möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz buyruğum altına alacağam."
63,64,65) Allah dedi ki: "Get! Sonra onlardan kim sənə uysa, bilin ki, şübhəsiz ki, cəzanız kafi bir cəza olaraq cəhənnəmdir. Onlardan gücünün çatdığı kimsələri yerindən oynat. Və atlılarınla və piyadalarınla onların üzərinə fəryad qopar! Mallarına və övladlarına şərik ol![#192] Və onlara vədlər ver. -Və şeytan, onlara yalandan başqa bir şey vəd etməz.- Şübhəsiz ki, Mənim bəndələrim [ki var], sənin onlar əleyhində heç bir gücün yoxdur." -Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən olaraq da Rəbbin kifayətdir.-
66) Sizin Rəbbiniz Öz nemətlərindən haqqınız olanları axtarasınız deyə, sizin üçün dənizdə gəmiləri üzdürəndir. Şübhəsiz ki, O, sizə çox mərhəmətlidir.
67) Və dənizdə sizə bir xətər toxunduğu zaman, yalvardığınız o kəslər yox olub gedər, O, yox olmaz. Sonra O, sizi quruya çıxararaq xilas etdikdən sonra, üz çevirərsiniz. Və insan, çox nankordur!
68) Onun sizi quruda yerin dibinə batırmayacağından, yaxud üstünüzə bir qasırğa göndərməyəcəyindən xatircəmsinizmi? Sonra özünüz üçün, varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən birini də tapa bilməzsiniz.
69) Yaxud da sizi dənizə qaytarmayacağından, üstünüzə qasırğalar göndərməyəcəyindən və beləliklə də etdiyiniz nankorluq səbəbiylə sizi boğmayacağından xatircəmsinizmi? Sonra bu etdiyimizə qarşı, Bizim əleyhimizdə sizə kömək edəcək bir himayəçi tapa bilməzsiniz.
70) Və and olsun ki, Biz insan övladını şan və şərəf sahibi etdik və quruda, dənizdə nəqliyyat vasitələrinə mindirdik və təmiz-xoş yeməklərdən onlara ruzi verdik. Və onları, əmələ gətirdiklərimizin bir çoxundan xeyli artıq etdik.
71) O gün Biz, bütün insanları başçılarıyla çağıracağıq. O gün, kimin kitabı sağ əlinə verilsə, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəyirdəyin teli qədər belə haqsızlığa məruz qalmayacaqlar.
72) Hər kim bu dünyada kor isə, bax o, axirətdə də kordur. Və yolunu daha çox azmışdır.
73) Az qalsın onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdıraraq, ondan başqasını Bizə isnad edərək söyləyəsən deyə səni xətaya yönəldərək səni atəşdə yandıracaqdılar. Bax, o təqdirdə səni özlərinə dost/iz qoyan bir lider qəbul edərdilər.
74) Və əgər Biz, sənə səbat verməsəydik, həqiqətən onlara bir azca meyl edəcəkdin.
75) Elə olsa, sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə yardım edən birini də tapa bilməzdin.
76,77) Və tezliklə səni bu yerdən/yurdundan çıxarmaq üçün mütləq narahat edəcəklər. O halda, səndən əvvəl elçi kimi göndərdiyimiz kəslər haqqındakı qanunumuza/prinsipimizə görə, səndən sonra onlar da çox az qalacaqlar. -Bizim qayda-qanunumuzda hər hansı bir dəyişiklik görə bilməzsən.-
78) Günəşin batmasından/itməsindən gecənin qaranlığının düşməsinə qədər səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətir və davam etdir] və səhər də öyrənmə-öyrətmə işini həyata keçir.[#193] Çünki səhərlər öyrənmə-öyrətmə işi görülməli işdir.
79) Və gecələr də. Bundan başqa, sənə xas bir əlavə olaraq sən, gecələr oyanıb səlatı tətbiq et! Ümid edilir ki, Rəbbin, səni gözəl bir məqama çatdırsın.
80) Və də ki: "Ey Rəbbim! Məni, düzgünlüklə daxil et və düzgünlüklə çıxar. Və mənə Öz dərgahından köməkçi bir qüvvə ver."
81) Və də ki: "Haqq gəldi, batil yox oldu. Şübhəsiz ki, batil yox olub gedər."
82) Və Biz Qurandan, möminlər üçün şəfa və rəhmət olan şeyləri nazil edirik. Və bu, ancaq şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin ziyanını artırır.
83) Və Biz insana nemət verdiyimiz zaman üz çevirib uzaqlaşar. Ona bir pislik üz verdikdə isə ümidsizliyə düşər.
84) De ki: "Hər kəs hansı haldadırsa, ona görə əməl işləyər. Bu halda, Rəbbin kimin ən doğru yolda olduğunu daha yaxşı bilir."
85) Və sənə vəhy[#194] haqqında sual verirlər. De ki: "Vəhy, Rəbbimin işidir. Sizə isə cüzi bir məlumatdan başqa bir şey verilməmişdir."
86) Və and olsun ki, istəsəydik, sənə vəhy etdiyimizi aradan götürərdik; sonra özün üçün Bizə qarşı, varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən birini tapa bilməzsən.
87) Rəbbinin bir mərhəməti olaraq Biz bunu etmədik. Həqiqətən, Onun sənə olan neməti çox böyükdür.
88) De ki: "And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir-birlərinə kömək olsalar da, onun bənzərini qətiyyən gətirə bilməzlər."
89) Və and olsun ki, Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkmişik. Yenə də insanların çoxu həqiqəti basdırmaqdan başqa bir iş görmədilər/inkarda israr etdilər.
90,91,92,93) Və belə dedilər: "Bizim üçün yerdən bir bulaq çıxarmasan sənə iman gətirməyəcəyik. Yaxud sənin xurma, üzüm bağçan olmalıdır. Onların aralarından şırıl-şırıl çaylar axmalıdır. Yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə salmalısan, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən. Yaxud sənin qızılla bəzənmiş bir evin olmalıdır, yaxud göyə çıxmalısan. Ancaq, sənin [göyə] çıxmağına, öyrənməli və öyrətməli olduğumuz bir kitabı bizə endirməsən, qətiyyən inanmayacağıq." Sən də ki: "Rəbbim nöqsanlardan pakdır. Mən, bəşər övladı olan bir elçidən başqa bir şey deyiləm!"
94) Və insanlara yol göstərən/Quran gəldikdə, onların iman etmələrinə, ancaq "Allah bir bəşəri elçi göndərdi?" demələri mane olur.
95) De ki: "Əgər yer üzündə arxayın gəzib dolaşan bir mələk olsaydı, əlbəttə Biz onlara göydən elçi olaraq bir mələk göndərərdik."
96) De ki: "Mənimlə sizin aranızda şahid olaraq Allah kifayətdir. Şübhəsiz ki, O, bəndələrine qarşı hər şeyin iç üzünü, gizli tərəflərini yaxşı biləndir, ən yaxşı görəndir.
97,98) Və Allah kimə bələdçi olsa, bax o, doğru yolu tapar. Kimi də yoldan azdırsa, artıq onun üçün Allahın altındakılardan heç bir köməkçi, himayəçi, yol göstərən yaxın kimsə tapa bilməzsən. Və Biz, onları qiyamət günü, kor, lal və kar bir halda üzü üstə bir yerə yığacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm səngiyəndə, onların odunu artırarıq. Bax bu, onların ayələrimizi/işarətlərimizi/nişanələrimizi ört-basdır etmiş olmaları və "Bizlər, bir sür-sümük və ovxalanmış toz olduqdan sonra həqiqətən yenidən dirildiləcəyik?" demələri səbəbiylə onların cəzasıdır.
99) Onlar, göyləri və yeri yaradan Allahın, onların eynisi olan insanları meydana gətirməyə də qadir olduğunu və onlar üçün şübhəsiz bir möhlət təyin etdiyini də görmürlərmi? Bax, bu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər, həqiqəti ört-basdır etməkdən başqa bir iş görmədilər/həmişə həqiqətləri örtməyə çalışdılar.
100) De ki: "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız, xərclənib qurtarmasından qorxaraq həqiqətən əlinizdə saxlayar; kimsəyə bir şey verməzdiniz. Və insan çox xəsisdir."
101) Və and olsun, Biz Musaya aşkar doqquz; bir çox ayə [işarət/nişan][#195] verdik. -Buyur, İsrail oğullarından soruş.- Bir zaman Musa, onlara gəldi, Firon ona: "Ey Musa! Mən sənin ovsunlanmış olduğunu həqiqətən bilirəm" demişdi.
102) Musa dedi ki: "Sən həqiqətən bildin ki, ayələri, hər biri bir ibrət olsun deyə, ancaq göylərin və yerin Rəbbi nazil etdi. Və mən də sənin məhvə məruz qalacağına həqiqətən inanıram."
103) Belə olduqda, Firon Musanı və İsrail oğullarını Misirdən sürmək istədi, Biz onu və onunla birgə olanların hamısını dənizdə batırdıq.
104) Və ondan sonra Biz İsrail oğullarına: "Bu torpaqlarda siz sakin olun! Sonra axirətə dair verilən söz gəlib çatdıqda, sizi bir yerə yığacağıq" dedik.
105) Və Biz Quranı yalnız haqq olaraq nazil etdik, o da yalnız haqq olaraq nazil oldu. Və Biz səni yalnız müjdə verən və xəbərdarlıq edən bir elçi etdik.
106) Və Quranı, Biz onu insanlara [onların] gözləntisinə uyğun olaraq öyrənib öyrədəsən deyə, hissə-hissə böldük və Biz onu tədriclə nazil etdik!
107,108) De ki: "Siz Qurana istər inanın, istər inanmayın; daha əvvəl özlərinə elm verilmiş kəslər ki var, Quran onlara oxunduqda onlar boyun əyib tabeçilik göstərərək çənələri üstə [yerə] qapanar. Və ‘Rəbbimiz hər cür qüsurdan pakdır. Rəbbimizin vədi mütləq reallaşacaq’ deyərlər."
109) Və onlar, ağlayaraq çənələri üstə [yerə] qapanar. Və Quran, onların ehtiramını, təvazökarlığını artırar.
110) De ki: "Allah deyə səsləyin və yaxud Rəhman deyə səsləyin. Necə səsləyirsiniz səsləyin, ən gözəl adlar yalnız Ona məxsusdur. Səlatı [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək işini] aşkar etmə, gizli də etmə. Və bu ikisinin arasında bir yol tap."
111) Və de ki: "Bütün təriflər, heç bir övlad götürməyən, sahiblik və rəhbərlikdə hər hansı bir ortağı olmayan, zəiflik səbəbindən köməkçisi [köməkçiyə ehtiyacı] olmayan Allaha məxsusdur; başqasını tərifləmək olmaz." Və Allahı ucaltdıqca ucalt!