əl-Mulk

1) Hökmranlıq Öz əlində olan Allah, necə də comərddir! Və O, hər şeyə qadirdir.
2) O, hansınızın əməldə daha yaxşı-gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır.
3,4) O, yeddi göyü, bir-biri üstündə ahənkli bir şəkildə əmələ gətirəndir. Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] yaratmasında bir çatlaqlıq-uyğunsuzluq görə bilməzsən. Haydı, gözünü çevir, bax, bir nöqsan görürsənmi? Sonra gözünü iki dəfə daha çevir. Gözün, aciz və çox yorğun halda sənə qayıdacaqdır.
5) Və and olsun ki, Biz ən yaxın göyü qəndillərlə bəzədik və onları, kahinlərin uydurmaları üçün material, vəsait [meteorların yerə düşməsi ilə, insanların kosmosdakı varlıqları tanımalarıyla şeytanların; kahinlərin, falçıların saxtakarlıqlarının meydana çıxması üçün vəsait] etdik. Və onlar üçün alovlu atəş əzabını hazırladıq.
6) Kafirlər [Rəbbini bilə-bilə inkar edənlər/inanmayanlar] üçün də cəhənnəm əzabı vardır. Və o, necə də pis dönüş yeridir!
7) Oraya atıldıqları zaman, o qaynayarkən, onun dəhşətli, qorxunc səsini eşidəcəklər.
8) O, az qalsın hirsindən çatlayacaq. Nə vaxt bir tayfa ora atılsa, onun gözətçiləri onlardan soruşacaqlar: "Sizə xəbərdarlıq edən biri gəlmədimi?"
9) Onlar deyərlər ki: "Bəli, bizə xəbərdarlıq edən biri gəldi, lakin biz onu yalan saydıq və ‘Allah heç bir şey nazil etməmişdir, siz ancaq böyük bir azğınlıq içindəsiniz’ dedik."
10) Və onlar deyərlər ki: "Əgər biz qulaq assaydıq, yaxud ağlımızı işlətsəydik, bu dəli kimi yanan atəşin əshabı arasında olmazdıq."
11) Beləliklə, günahlarını etiraf etdilər. Artıq, dəli atəşin əshabı üçün toz kimi xırdalanmaq, məhv olmaq var.
12) Şübhəsiz ki, görünməyən, eşidilməyən, hiss edilməyən kimsəsiz yerdə Rəbbinə qarşı hörmət, məhəbbət və elmlə ürpərənlər üçün bağışlanmaq və böyük bir mükafat var.
13) Və istər sözünüzü gizli saxlayın, istər onu aşkar edin; şübhəsiz ki, Allah sinənizin içindəkini ən yaxşı biləndir.
14) Əmələ gətirən, bilməzmi/O, əmələ gətirdiyi şeyi bilməzmi? Və O, çox lütf eləyən, gizlinləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.
15) Allah, sizə yer üzünü ram etdirəndir. Haydı, onun çiyinlərində; təpələrində/işinizə yarayan yerlərində gəzin və Allahın ruzisindən yeyin. Və diriliş, ancaq Onadır.
16) Ucalardan uca olan Allahın[#313] sizi yerə batırmayacağına əminsinizmi? Bir də görərsǝn ki, qəfildən çalxalanmışdır.
17) Yaxud da siz, ucalardan uca olan Allahın sizin üstünüzə daş yağdıran bir qasırğa göndərməyəcəyindən əminsinizmi? Artıq, xəbərdarlığımın necə olduğunu tezliklə biləcəksiniz.
18) Və and olsun, onlardan əvvəlkilər də yalan hesab etdilər. Yaxşı, Məni tanımamağın/tanıtmamağa çalışmağın [nəticəsi] necə oldu?
19) Və onlar, üstlərində səf-səf düzülmüş və bükülmüş halda uçan şeylərə baxmırlarmı? Onları Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] başqası saxlamır. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir.
20) Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] altındakılardan sizə kömək edəcək olan əsgərləriniz kimlərdir? Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], yalnız bir aldanış içindədirlər.
21) Yaxu da Allah, ruzini kəssə, sizə ruzi verəcək kəs kimdir? Əslində onlar azğınlıq və nifrətdə inadkarlıq edirlər.
22) Elə isə, üzü üstə sürünən daha doğru gedər, yoxsa düz yolda düz gedən?
23) De ki: "O, sizi inşa edən, sizin üçün qulaq, göz və qəlb əmələ gətirəndir. Sahib olduğunuz nemətlərin əvəzini necə də az ödəyirsiniz?"
24) De ki: "O, sizi yer üzündə əmələ gətirib yayandır və siz cəm edilərək Oun [hüzuruna] qaytarılacaqsınız."
25) Bir də onlar: "Əgər doğru deyirsinizsə, təhdid etdiyiniz bu şey nə vaxt olaxaq?" deyirlər.
26) De ki: "Həqiqətən bu təhdidin xəbəri Allahın yanındadır. Mən isə yalnız açıq-aşkar xəbərdarlıq edən biriyəm."
27) Artıq onlar, onun yaxınlaşdığını gördükləri zaman kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərin üzləri eybəcər hala düşdü. Və [onlara]: "Bax, bu, durmadan çağırdığınız şeydir!" deyildi.
28) De ki: "Heç düşündünüzmü? Əgər Allah məni və mənimlə birgə olanları dəyişikliyə/məhvə məruz qoysa, yaxud bizə mərhəmət etsə, bəs, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] şiddətli bir əzabdan kim qoruyacaq?"
29) De ki: "O, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir. Biz, Ona iman gətirdik və [işlərin] nəticəsini yalnız Ona tapşırdıq. Artıq kimin açıq-aşkar bir azğınlıq içində olduğunu tezliklə biləcəksiniz."
30) De ki: "Heç düşündünüzmü? Əgər suyunuz qəfildən yerin dibinə çəkdirilsə, sizə kim bir axar su gətirə bilər?"