əl-Munafiqun

1) Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz, həqiqətən şahidlik edirik ki, sən şübhəsiz, Allahın elçisisən" dedilər. Allah da bilir ki, sən həqiqətən Onun elçisisən. Və Allah şahidlik edir ki, şübhəsiz münafiqlər, həqiqətən yalançıdırlar.
2) Onlar, andlarını [özlərinə] bir qalxan [sipər] edib Allah yolundan döndərdilər. Şübhəsiz ki, onlar, pis əməl işləyən kəslərdir.
3) Bunun səbəbi odur ki, onlar iman etdilər, sonra iman etmədilər. Beləliklə, qəlblərinin üstünə möhür vurulmuşdur, artıq onlar yaxşı başa düşə [qavraya] bilməzlər.
4) Onları gördüyün zaman, cüssələri -onlar sanki söykədilmiş [dayaq verilmiş]/qismən geydirilmiş taxta kötüklər kimidir- xoşuna gəlir. Danışdıqları zaman da qulaq asırsan.[Onlar] Hər fəryadı [səs-küyü] özlərinin əleyhinə sanarlar. Onlar düşməndirlər, buna görə də onlardan uzaq dayanıb özünüzü gözləyin. -Allah onları qəhr etdi; necə də [haqdan] döndərilirlər!-
5,6) Və onlara: "Gəlin, Allahın Elçisi sizin üçün bağışlanma diləsin" deyildiyi zaman, başlarını yana çevirdilər. Sən, onların təkəbbürlə üz çevirdiklərini də görərsən. Sənin onlar üçün bağışlanma diləmən yaxud diləməmənin onlar üçün fərqi yoxdur. Allah, onları qətiyyən əfv etməyəcək, bağışlamayacaqdır. Şübhəsiz ki, Allah, haqq yoldan çıxmış bir qövmü doğru yola yönəltməz.
7) Onlar: "Allahın Elçisinin yanında olanlara heç bir şey verməyin, maliyyə dəstəyi göstərməyin, nəticədə dağılışıb getsinlər!" deyirlər. Halbuki göylərin və yer üzünün xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər yaxşıca anlamırlar.
8) Deiyrlər: "And olsun ki, Mədinəyə qayıdası olsaq, güc və şərəf baxımından üstün olanlar, düşkün və zəif olanları, əlbəttə, oradan qovub çıxaracaq." Halbuki qüvvət, şərəf və üstünlük Allaha, Onun Elçisinə və möminlərə məxsusdur. Lakin münafiqlər bilmirlər.
9) Ey iman etmiş kəslər! Mal-dövlətiniz və oğul-uşağınız sizi Allahı yad etməkdən yayındırmasın. Kim belə etsə, bax onlar məhz zərərə, ziyana məruz qalıb əzab çəkənlərdir.
10) Və sizdən birinizi ölüm haqlayıb, "Ey Rəbbim! Mənə bir müddət möhlət versəydin, beləliklə, mən də sədəqə verib salehlərdən olardım" deməmişdən əvvəl, sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin.
11) Allah, öz möhlətinin sonu [əcəli] gəlib çatan heç kəsə qətiyyən [əlavə] möhlət verməz. Və Allah, əməllərinizdən xəbərdardır.