2) Bunlar, açıq-aşkar/açıqlayan kitabın ayələridir.
3) Biz, iman edəsi bir tayfa üçün Musa və Fironun vacib əhvalatlarından bir qismini sənə doğruluqla oxuyuruq/sənin nəzərinə çatdırırıq.
4) Şübhəsiz ki, Firon yer üzündə ucaldı və idarəsi altındakı insanları dəstələrə böldü; onlardan bir dəstəni zəiflətmək istəyir; bunların oğullarını öldürür; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütlə meydana gətirərək zəiflədir, qadınlarını utanca boğurdu. Şübhəsiz ki, o, fitnə-fəsad törədənlərdən idi.
5,6) Biz isə istəyirik ki, yer üzündə zəiflədilənlərə bir hədiyyə verək, onları lider edək və onları varislər edək. Və onları yer üzündə möhkəm yerləşdirək, Firona, Hamana və bu ikisinin əsgərlərinə, qorxub çəkindikləri şeyləri göstərək.
7) Və Biz Musanın anasına vəhy etdik: "Onu əmizdir. Əgər ondan ötürü qorxsan, onu çaya burax, qorxma və kədərlənmə. Şübhəsiz ki, Biz onu sənə qaytaracaq və onu elçilərdən biri edəcəyik."
8) Sonra da Firon ailəsi, özləri üçün bir düşmən və məyusluq səbəbi olmaq üzrə, onu bir "tapıntı" kimi aldı. Həqiqətən, Firon, Haman və bu ikisinin əsgərləri səhv edənlər idi.
9) Və Fironun qadını: "Mənim və sənin üçün göz aydınlığı olsun! Onu öldürməyin; Musanı İsrail oğullarının digər uşaqları kimi savadsız; təhsilsiz, peşəsiz saxlamayın", bəlkə bizə bir faydası olar, ya da onu övladlığa götürərik" dedi. Və onlar, işin fərqində olmadılar.
10,11) Musanın anasının ürəyi səhərə bomboş çıxdı. -Əgər Biz, inananlardan olması üçün onun ürəyinə səbr verməsəydik, az qala [sirri] aşkara çıxaracaqdı.- Və Musanın anası Musanın bacısına, "Onun dalınca get!" dedi. O da dərhal, onlar fərqinə varmadan uzaqdan Musaya göz qoyurdu.
12) Və Biz daha əvvəl, ona süd analarını haram etdik. Belə olduqda, Musanın bacısı, "Sizə, sizin yerinizə onun baxacaq və öyüd-nəsihət verib onu böyüdəcək bir ailə göstərimmi?" dedi.
13) Beləliklə, Biz onu, gözü aydın olsun, qəm çəkməsin və Allahın verdiyi sözün gerçək olduğunu bilsin deyə anasına qaytardıq. -Lakin onların bir çoxu bilmir.-
14) Və Musa igidlik yaşına çatıb kamilləşdikdə, Biz ona qanun və bilik verdik. Və Biz gözəl rəftar edənlərə bax belə əvəz verərik.
15) Və Musa, şəhər əhalisinin bilmədiyi bir anda şəhərə daxil oldu. Sonra orada, biri öz tərəfindən, digəri düşmən tərəfdən, bir-birini öldürməyə çalışan iki adam gördü. Sonra öz tərəfindən olan, düşmənə qarşı Musadan kömək dilədi. Musa da o birinə dərhal bir yumruq vurdu, o da dərhal öldü. Musa, "Bu, şeytanın əməllərindəndir, şübhəsiz o, yoldan çıxaran, açıq-aşkar bir düşməndir" dedi.
16) Musa: "Ey Rəbbim! Şübhəsiz ki, özümə zülm etdim. Artıq məni bağışla!" dedi və Allah onu bağışladı. Şübhəsiz ki, çox bağışlayan, çox rəhm edən O Özüdür.
17) Musa: "Ey Rəbbim! Mənə verdiyin nemətlərə and olsun ki, artıq heç vaxt günahkarlara arxa olmayacağam" dedi.
18) Sonra da Musa, şəhərdə qorxu içində, ətrafını yoxlaya-yoxlaya səhərə çıxdı. Bir də nə görsün, dünən ondan kömək istəyən kimsə, fəryad edərək ondan kömək istəyir. Musa ona: "Şübhəsiz ki, sən, açıq-aşkar bir azğınsan!" dedi.
19) Musa, ikisinin də düşməni olan o adamı yaxalamaq istərkən, o adam: "Ey Musa! Dünən bir adamı vurub öldürdüyün kimi məni də öldürmək fikrindəsən? Sən yalnız yer üzündə bir zülmkar olmaq istəyirsən və sən islah edənlərdən olmaq istəmirsən" dedi.
20) Və şəhərin o biri başından bir adam qaça-qaça gəldi. Dedi ki: "Ey Musa! Əyan-əşraf səni öldürmək üçün sənin haqqında müzakirə edirlər. Dərhal çıx! Şübhəsiz ki, mən məsləhətçiyəm."
21) Sonra da Musa qorxa-qorxa, [ətrafını] yoxlaya-yoxlaya oradan çıxdı. "Ey Rəbbim! Məni şirk qoşaraq səhv, öz zərərinə olan əməli işləyənlər tayfasından xilas et!" dedi.
22) Və Musa Mədyən tərəfə yollanarkən, "Ümid edirəm ki, Rəbbim mənə yolun doğrusunu göstərəcək" dedi.
23) Və Musa Mədyən suyuna çatanda orada heyvanlarını sulayan insanlardan bir tayfa gördü, başçıları da var idi. Və Musa, heyvanlarını sulayanlar qədər güclü olmayan, heyvanlarını geri çəkən iki qadın gördü. Dedi ki: "Halınız necədir?" Dedilər ki: "Çobanlar sulayıb qurtarmamış biz sulamarıq; atamız da çox yaşlı bir qocadır."
24) Belə olduqda, Musa, [o] ikisi üçün heyvanları suladı. Sonra kölgəyə çəkildi və "Ey Rəbbim! Şübhəsiz ki mən, mənə nazil edəcəyin bir yaxşılığa möhtacam" dedi.
25) Bu zaman o iki qadından biri utana-utana Musanın yanına gəldi. Dedi ki: "Şübhəsiz ki, atam, bizim yerimizə sulamağının muzdunu vermək üçün səni çağırır." Musa, qızın atasının yanına gəldi və hadisələri ona danışdı. Qızın atası; "Qorxma, o şirk qoşaraq səhv; öz zərərinə olan əməlləri işləyən tayfadan xilas oldun" dedi.
26) Onun iki qızından biri: "Atacan! Onu muzdla tut. Şübhəsiz, muzdla tutulan kəslərin ən yaxşısı, güclü və etibarlı olanıdır" dedi.
27) Qızların atası dedi ki: "Həcc edilən səkkiz il mənim üçün işləməyin müqabilində bu iki kızımdan birini səninlə nigahlamaq istəyirəm. Əgər ona [on ilə] çatdırsan, artıq o da səndən [bir lütfkarlıq] olar; sənə ağırlıq vermək istəmirəm. İnşallah mənim salehlərdən olduğumu görərsən."
28) Musa: "Bu, səninlə mənim aramdadır; bu iki müddətdən hansını başa vursam, demək ki, mənə qarşı düşmənçilik/məsuliyyət olmayacaq. Və dediyimizə Allah vəkildir [qoruyaraq, dəstəkləyərək həyata keçirəndir]" dedi.
29) Artıq Musa müddəti başa vurub ailəsiylə/yaxınlarıyla birgə yola çıxdıqda, dağ tərəfindən bir od hiss etdi. Ailəsinə, "Mən sizə bir xəbər gətirənə kimi siz gözləyin; mən bir od hiss etdim. Yaxud isinməyiniz üçün o atəşdən bir parça gətirərəm" dedi.
30,31,32) Sonra oraya çatanda, o bərəkətli torpaq parçasındakı vadinin sağ tərəfindən, bir ağacdan nida gəldi: "Ey Musa! Heç şübhəsiz ki Mən aləmlərin Rəbbi Allahın Özüyəm! Və öz təcrübəni meydana çıxar! -Öz təcrübəsinin sanki görünməyən bir varlıq kimi, hərəkət etdirildiyini gördükdə, arxasına baxmadan qaçdı.- Ey Musa! Bəri gəl, qorxma. Həqiqətən sən əmin-amanlıq içindəsən. Qoynundaki gücünü işlət, qüsursuz, mükəmməl çıxacaqsan.[#180] Yenindən qanadını çək. Bax bu ikisi Firona və onun adamlarına qarşı sənin Rəbbin tərəfindən [göndərilən] iki möhkəm dəlildir. Şübhəsiz ki, onlar, yoldan çıxan bir tayfa olmuşdur."
33,34) Musa dedi ki: "Ey Rəbbim! Şübhəsiz ki, mən onlardan bir adam öldürdüm, indi onların məni öldürəcəklərindən qorxuram. Qardaşım Harunu da mənimlə göndər; o, dil baxımından məndən daha yaxşı, gözəl və təsirlidir. Bu səbəblə, onu da mənimlə birlikdə göndər ki, məni təsdiqləyən bir köməkçim olsun. Şübhəsiz ki, mən, məni yalançı sayacaqlarından qorxuram."
35) Allah dedi ki: "Sənin arxanı qardaşınla möhkəmləndirəcək və ikiniz üçün bir güc, iqtidar meydana gətirəcəyik. Sonra da onlar nişanlarımız/işarətlərimiz səbəbindən sizə çata bilməyəcəklər. Siz ikiniz və ikinizin arxasından gedənlər üstün olanlarsınız."
36) Musa açıq-aşkar işarələrimiz/nişanlarımız ilə onların yanına gəldikdə, "Bu, yalnız uydurulmuş, təsirli məlumatlardır. Və biz keçmişdəki əcdadımızdan bunu eşitməmişdik" dedilər.
37) Musa isə dedi ki: "Mənim Rəbbim Öz dərgahından kimin doğru yolda rəhbərlik etmək üçün gəldiyini və yurdun sonunun kim üçün daha xeyirli olacağını daha yaxşı bilir. Şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər nicat tapmaz."
38) Firon isə: "Ey əyanlar! Sizin üçün məndən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçıq üzərində dərhal od yandır; kərpic düzəlt və Musanın məbudu haqqında məlumat ala bilmək üçün mənə bir qüllə düzəlt. Və şübhə yox ki, onun yalançılardan biri olduğuna qəti surətdə inanıram" dedi.
39) Firon özü və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və həqiqətən hüzurumuza qaytarılmayacaqlarına inandılar.
40) Biz də onu və əsgərlərini tutub o bol suya/çaya atdıq. İndi, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin aqibətinin necə olduğuna bir bax!
41) Və onları, atəşə dəvət edən rəhbərlərdən etdik. Qiyamət günündə onlar kömək də görməyəcəklər.
42) Və elə etdik ki, bu dünyada qovulmaq, Allahın rəhmətindən məhrum olmaq onların yaxasını buraxmasın. Onlar, qiyamət günündə də pislənmiş/uzaqlaşdırılmış kəslərdəndir.
43) Və and olsun ki, Biz ilk nəsilləri dəyişikliyə/məhvə məruz qoyduqdan sonra, Musaya, ibrət götürsünlər deyə insanlar üçün açıq-aydın dəlillər, rəhbər və rəhmət olaraq Kitabı/Tövratı verdik.
44) Və Musaya o əmri verdiyimiz vaxt, sən məğrib tərəfində deyildin. Orada olanlardan, şahid olanlardan da deyildin.
45) Amma Biz neçə-neçə nəsillər yaratdıq, onların ömürləri uzandıqca uzandı. Sən onlara ayələrimizi oxuyaraq, Mədyən camaatı arasında olanlardan da deyildin. Lakin Biz elçi göndəririk.
46,47) Və Biz xitab edərkən, Tur dağının yanında da deyildin. Əksinə, səndən əvvəl xəbərdarlıq edən birini/bir peyğəmbər göndərmədiyimiz bir tayfaya xəbərdarlıq edəsən deyə və öz əlləri ilə işlədikləri əməllərdən öz başlarına bir fəlakət gəldiyində dərhal, "Rəbbimiz! Barı, bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə uyardıq və möminlərdən olardıq" deyə bilməsinlər, öyüd-nəsihət alsınlar deyə, Rəbbindən bir rəhmət olaraq... orada olanları sənə bildirdik, səni peyğəmbər olaraq göndərdik.
48) Beləliklə, onlara Bizim tərəfimizdən o haqq [olan] gəldikdə, "Musaya verilən şeylər; əlamətlər; nişanlar kimi şeylər ona da verilməli deyildimi?" dedilər. Daha əvvəl Musaya veriləni ört-basdır edib inkar etməmişdilərmi? "Bir-birinə arxa çıxan; bir-birini dəstəkləyən iki sehr; təsirli məlumat" demişdilər. Və "Şübhəsiz ki, biz hamısını qəbul etməyəcəyik" demişdilər.
49) De ki: "Əgər doğru kəslərsinizsə, dərhal Allah dərgahından mənə və Musaya nazil olan kitablardan daha çox doğruluğa bələdçi olan bir kitab gətirin, mən də ona tabe olum!"
50) Buna baxmayaraq əgər sənə cavab verməsələr, bil ki, onlar yalnız öz nəfslərinə uymuşlar. Allah tərəfindən doğru yol göstərən biri olmadan öz nəfsinə tabe olanlardan daha çox azmış [çaşmış, rəzil] kim ola bilər? Həqiqətən Allah şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən tayfaya yol göstərməz.
51) Və and olsun Biz, Sözü [vəhyi/Quranı] öyüd alsınlar deyə bir-birinin ardınca göndərdik.
52) Sözdən [vəhydən/Qurandan] əvvəl Kitab verdiyimiz kəslər; onlar, Sözə [vəhyə/Qurana] da inanırlar.
53) Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar, "Biz ona iman gətirdik. Şübhəsiz ki, o, Rəbbimizdən gələn həqiqətdir. Həqiqətən biz, ondan əvvəl müsəlman olmuşduq" dedilər.
54) Bax onlar; səbr etdikləri üçün onların mükafatları iki dəfə veriləcəkdir. Və onlar pisliyi yaxşılıqla dəf edirlər və ruzi olaraq onlara verdiyimiz şeylərdən Allah yolunda xərcləyirlər/başda öz yaxınları olmaq üzrə başqalarının ehtiyaclarını təmin edirlər.
55) Və onlar, boş bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz yalnız bizim üçün, sizin işləriniz də yalnız sizin üçündür. Sizə salam olsun! Biz cahilləri axtarmırıq" deyirlər.
56) Həqiqətən sən istədiyini doğru yola yönəldə bilməzsən; amma Allah istədiyinə doğru yolu göstərər və O, göstərilən doğru yolu qəbul edəcək olanları daha yaxşı bilir.
57) Və onlar: "Biz səninlə birlikdə, göstərilən doğru yola uysaq, yurdumuzdan qovularıq" dedilər. Biz onları, Öz tərəfimizdən bir ruzi olaraq, hər şeyin meyvələrinin daşınıb gətirildiyi, təhlükəsiz, toxunulmaz bir yerə/Məkkəyə[#181] yerləşdirmədikmi? Lakin onların çoxu bilmir.
58) Və Biz, öz güzaranıyla qürrələnən neçə-neçə şəhəri dəyişikliyə/məhv məruz qoyduq. Bax, budur onların yurdları! Onlardan sonra çox az yaşayış olan məskənləri. Və varis elə Biz Özümüzük.
59) Rəbbin, əhaliyə ayələrimizi oxuyan bir peyğəmbəri oranın mərkəzinə göndərməmiş, heç bir məmləkəti dəyişikliyə/məhvə məruz qoymaz. Eləcə də, Biz, əhalisi şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər deyilsə, o məmləkəti dəyişikliyə/məhvə məruz qoymarıq.
60) Və sizə verilən şeylər, bəsit dünya həyatının qazancı və onun bərbəzəyidir. Allah dərgahında olanlar isə daha xeyirli və daha baqidir. Hələ də ağlınızı işlətməyəcəksiniz?
61) Belə isə, Bizim gözəl bir vəd verdiyimiz və o vədə qovuşan kimsə, bəsit dünya həyatının qazancını əldə edən və sonra qiyamət günündə hüzurumuza gətirilən/hüzurumuzda farağat saxlanan kimsə ilə eyni ola bilərmi?
62) Və o gün Allah onlara səslənəcək və deyəcək ki: "Yanlış əməl işləyərək inandığınız şəriklərim hanı?"
63) Haqlarında verilən vəd gerçəkləşən kəslər: "Ey Rəbbimiz! Bax bunlar bizim yoldan çıxardığımız kimsələrdir. Biz nə cür yoldan çıxmışdıqsa, bunları da eləcə biz yoldan çıxardıq. Biz, Sənə qarşı uzaqlaşdıq. Onlar yalnız bizlərə ibadət etmirdilər" deyəcəklər.
64) Və "Şəriklərinizi çağırın!" deyiləcək, onlar da çağıracaqlar. Sonra da onlar cavab verməyəcklər və əzabı görəcəklər. -Nə olaydı onlar, yönləndirildikləri doğru yolu qəbul etmiş olaydılar!-
65) Və o gün Allah onlara səslənəcək: "Göndərilən elçilərə nə cavab verdiniz?" deyəcək.
66) Bax, o gün, bütün vacib xəbərlər onlar üçün qapqaranlıq olmuşdur; artıq onlar bir-birlərindən də soruşa bilməz.
67) Ancaq tövbə edən, iman gətirən və sahmana salmaq məqsədi ilə əməl işləyən kəsə gəldikdə, o, nicat tapanlardan olmağa ümid bəsləyə bilər.
68) Və sənin Rəbbin istədiyi şeyi əmələ gətirər və onlar üçün xeyirli olan şeyləri seçər, onlar üçün isə seçmək ixtiyarı yoxdur. Allah onların qoşduqları şəriklərdən pakdır və ucaların ucasıdır.
69) Və sənin Rəbbin, onların kökslərində gizlətdikləri şeyləri və aşkar etdikləri şeyləri bilir.
70) Və O, Özündən başqa heç bir məbud[#182] olmayan Allahdır. İlkdə də və sonda da bütün təriflər Ona məxsusdur, hökm ancaq Ona məxsusdur. Və ancaq Ona qaytarılacaqsınız.
71) De ki: "Heç fikirləşirsinizmi, əgər Allah üstünüzdəki gecəni qiyamətə qədər uzatsaydı, Allahdan başqa sizə işıq gətirə bilən məbud kimdir? Hələ də qulaq asmayacaqsınızmı?"
72) De ki: "Heç fikirləşirsinizmi, əgər Allah üstünüzdəki gündüzü qiyamət gününə qədər uzatsaydı, Allahdan başqa, istirahət etməyiniz üçün gecəni sizə gətirə bilən məbud kimdir? Hələ də görməyəcəksinizmi?"
73) Və Allahın mərhəmətindədir ki, O, gecəni və gündüzü; gecələr dincələsiniz və gündüzlər Onun lütfündən bolluca verdiyi nemətlərdən axtarasınız və özünüzə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə yaratdı.
74) Və o gün Allah onlara səslənib deyər ki: "Yanlış əməl işləyərək inandığınız şəriklərim hanı?"
75) Və Biz, başçısı olan hər tayfadan bir şahid çəkib çıxardıq, "Haydı, qəti sübutunuzu gətirin!" dedik. Artıq bildilər ki, həqiqət Allaha aiddir və uydurub düzəltdikləri şeylər onlardan ayrılmış, itib getmişdir.
76,77) Şübhəsiz, Qarun Musanın qövmündən idi, ancaq onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, şübhəsiz, onun açarları güclü-qüvvətli bir tayfaya ağırlıq edərdi. Bir zaman qövmü ona demişdi ki: "Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevmir. Və Allahın sənə [bir nemət] bəxş etdiyində, axirət yurdunu istə. Dünyadakı nəsibini də unutma! Allahın sənə bəxş etdiyi kimi, sən də bəxş et. Və yer üzündə fitnə-fəsad törətməyi istəmə. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz."
78) Qarun, "Bu sərvət, mənə ancaq məndə olan elm sayəsində verildi" dedi. Bilmirdimi ki, Allah, ondan əvvəlki nəsillərdən, ondan daha güclü, ondan daha çox tərəfdarı, təcrübəsi olan kəsləri həqiqətən dəyişikliyə/məhvə məruz qoymuşdu. -Və bu günahkarlar, digərlərinin günahlarının məsuliyyətini daşımırlar.-
79) Bir vaxt Qarun, zinət və ehtişam içində qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyən kəslər, "Kaş ki, Qaruna verilən bizə də verilsəydi! Şübhəsiz ki, o Qarunun çox böyük bir qisməti var" dedilər.
80) Və elm verilmiş olan kəslər isə, "Təəssüflər olsun sizə! İman gətirənlər və yaxşı əməl işləyən kəslər üçün Allahın verəcəyi mükafat daha xeyirlidir. Ona da ancaq səbr edənlər qovuşar" dedilər.
81) Axırda Biz onu və evini yerə batırdıq. Artıq Allahın altındakılardan ona kömək edəcək bir tərəfdar da tapılmadı və o, özünü müdafiə edib qurtulan kəslərdən də olmadı.
82) Və elə dünən onun yerində olmaq istəyənlər, "Demək ki, Allah bəndələrindən dilədiyinin ruzisini artırır və ya azaldır. Əgər Allah bizə lütf etmiş olmasaydı, bizi də yerə batırardı. Və demək ki kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] nicat tapmırlar" deyə-deyə səhərə çıxdılar.
83) Bax, axirət yurdu! Biz onu yer üzündə təkəbbür etməyənlər və fitnə-fəsad törətməyənlər üçün hazırlayırıq. Və aqibət, Allahın mühafizəsi altına daxil olan kəslər üçündür.
84) Kim bir yaxşılıq gətirərsə, ona ondan daha xeyirlisi/ona ondan ötrü bir xeyr vardır. Və kim bir pis əməl gətirərsə; bax, o pis əməl işləyənlər, ancaq öz əməlləriylə əvəzini alacaqlar.
85) Şübhəsiz ki, Quranı sənə fərz buyuran Allah, əlbəttə səni qayıdacağın yerə qaytaracaqdır. De ki: "Mənim Rəbbim, kimin doğru yola bələdçilik etmək üçün gəldiyini və kimin açıq-aşkar bir azğınlıq içində olduğunu daha yaxşı bilir."
86) Və sən Kitabın sənə vəhy ediləcəyinə/nazil olacağına ümid etmirdin. O, ancaq Rəbbin tərəfindən bir mərhəmət olaraq verildi. Elə isə heç vaxt kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] arxa çıxma/kömək olma.
87) Və şirk qoşanlar, sənə nazil edildikdən sonra səni Allahın ayələrindən döndərməsinlər. Və Rəbbinə dəvət et. Və əsla müşriklərdən olma!
88,1) Və Allah ilə yanaşı başqa bir tanrıya ibadət etmə. Ondan başqa heç bir məbud yoxdur. Onun Zatından başqa hər şey yox olacaq. Qanun-qayda, yalnız Ona məxsusdur. Siz də ancaq Ona qaytarılacaqsınız. Bəndəsini bir gecə, ayələrimizdən/nişanlarımızdan/işarətlərimizdən göstərmək üçün Məscidülhəramdan bir tərəfini mübarək etdiyimiz Məscidüləqsaya[#183] aparan Allah, bütün nöqsanlıqlardan pakdır. Şübhəsiz ki, ən yaxşı eşidən, ən yaxşı görən Onun Özüdür.