2) Özündə şübhə olmayan bu kitabın nazil edilməsi aləmlərin Rəbbindəndir.
3) Yoxsa onlar, "Onu özündən uydurdu!" deyirlər? Əksinə, Quran, yönləndirildikləri doğru yola çatsınlar deyə, səndən əvvəl özlərinə xəbərdarlıq edən biri gəlməyən qövmə xəbərdarlıq edəsən deyə Rəbbindən gələn haqdır.
4) Allah, göyləri, yeri və ikisinin arasındakıları altı mərhələdə meydana gətirən və ən böyük taxt üzərində hakimiyyət qurandır.[#308] Onun altındakılardan sizə bir köməkçi, yol göstərən, himayəçi yaxın və bir dəstəkçi, şəfaətçi yoxdur. Hələ də düşünüb ibrət almırsınız?
5) Allah, göydən yerə, sistemləri [işləri] tənzimləyər, sonra da bu sistemlər, sizin saydığınız min ilə bərabər olan bir gündə Allaha yüksələr; geri qayıdar, sistem çökər, pozular.
6) Allah hiss edilə bilənləri də, hiss edilə bilməyənləri də, keçmişi, gələcəyi də biləndir; ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, geniş mərhəmət sahibidir.
7,8,9) O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir nütfədən, dəyərsiz bir sudan əmələ gətirmişdir. Sonra onu düzəldib ona surət verdi və ona elm verdi.[#309] Sizin üçün də qulaq, gözlər və könüllər yaratdı. Sahib olduğunuz nemətlərin əvəzini necə də az ödəyirsiniz!
10) Və onlar: "Biz, yer üzünün içində yox olduqdan sonra, həqiqətən yeni bir xilqətdə olacağıqmı?" dedilər. Əslində, onlar öz Rəbbinə qovuşmağı, Onun hüzuruna çıxmağı bilə-bilə inkar edən/təkzib edən kəslərdir.
11) De ki: "Sizə ölüm gətirmək vəzifəsi verilmiş qüvvə sizi vəfat[#310] etdirəcək; keçmişdə etdiklərinizi və etməli olduğunuz halda etmədiklərinizi bir-bir yadınıza salacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız."
12) Günahkarları, Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: "Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri qaytar ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq" deyərkən bir görsən!
13) Və əgər Biz, istəsəydik hər adama doğru yolu verərdik. Lakin Mənim: "Bütün bilinən, bilinməyən, keçmişdən, gələcəkdən[#311] hər kəsdən cəhənnəmi əlbəttə tamamilə dolduracağam" sözüm haqq olmuşdur.
14) "Elə isə bu gününüzlə qarşılaşmağı unutduğunuza/tərk etdiyinizə görə dadın əzabı! Heç şübhəsiz ki, Biz cəzalandırdıq sizi. Və etdiklərinizin əvəzində sonsuzluq əzabını dadın!"
15) Həqiqətən, Bizim ayələrimizə ancaq öyüd-nəsihət verildiyi zaman boyun əyib tabeçilik göstərərək səcdəyə qapanan və Rəbbini tərifləyərək nöqsan sifətlərdən pak tutan və təkəbbür göstərməyən kəslər inanarlar.
16) Onların yanları, böyrü üstə yatdıqları yerlərdən uzaqlaşar; onlar kef etməzlər, onlar qorxu və ümid içində öz Rəbbinə dua edərlər və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər/başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edərlər.
17) Heç kəs, etdiklərinin əvəzində özü üçün gözaydınlığı olaraq nələr gizlənib saxlandığını bilmir!
18) Yaxşı, inanan kəs, yoldan çıxan kəslə eynidirmi? Onlar eyni olmazlar.
19) İman edən və sahmana salmaq qayəsi ilə əməl işləyən kəslərə gəldikdə; etdiklərinin əvəzində qonaq qalacaqları sığınacaq bağçaları yalnız onlar üçündür.
20,21) Və yoldan çıxanlara gəldikdə, onların gedəcəkləri yer Atəşdir. Hər dəfə çıxmaq istədikdə, yenə ora qaytarılacaqlar və onlara: "Yalan saydığınız Atəşin əzabını dadın!" deyiləcək. Heç şübhəsiz, böyük cəzanın bir az yüngülündən, ən yaxın cəzadan da onlara daddıracağıq ki, bəlkə qayıdalar.
22) Və Rəbbinin ayələri ilə özünə öyüd-nəsihət verilən, sonra da onlardan üz döndərən kəsdən daha səhv; öz zərərinə olan əməli işləyən kim var? Şübhəsiz ki, Biz, günahkarları tutub cəzalandıraraq ədaləti təmin edərik.
23) Və and olsun ki, Biz vaxtilə Musaya o kitabı verdik. -İndi sən ona qovuşmaq barədə şübhə içində olma.- Və Biz, onu İsrail oğulları üçün bir bələdçi etdik.
24) Və onlardan, səbr etdikləri zaman, Bizim əmrimizlə doğru yola sövq edən rəhbərlər təyin etdik. Və onlar, Bizim ayələrimizə/işarətlərimizə/nişanələrimizə qəti surətdə inanırdılar.
25) Şübhəsiz, sənin Rəbbin; Allah, onların ixtilafa düşdükləri şeylər haqqında qiyamət günü onların arasında hökm verəcəkdir.
26) Yurdlarında gəzib-dolaşdıqları, özlərindən əvvəlki neçə-neçə nəsilləri dəyişikliyə/məhvə məruz qoymağımız da onlara yol göstərmədimi? Şübhəsiz ki, bunda nə qədər işarətlər/nişanələr vardır. Hələ də qulaq asmayacaqlar?
27) Yaxud da, Bizim quraq yerə suyu göndərib onunla heyvanların və özlərinin yediyi əkini çıxarmağımızı da görmədilər? Hələ də görmürlər?
28) Bir də onlar: "Nə zamandır o məhkəmə, əgər doğru danışanlarsınızsa?" deyirlər.
29) De ki: "Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə], o məhkəmə günündə iman etməkləri fayda verməz və onlara möhlət də verilməyəcək."
30) Artıq sən onlardan uzaq dur və gözlə. Şübhəsiz ki, onlar da gözləyirlər.