ət-Tur

1,2,3,4,5,6,7,8) Turun qaldırılması, yayılmış incə dəri üzərinə sətir-sətir yazılan Allahın nazil etdiyi bütün kitablar, Allahın abad evi; Kəbəni, Fil əshabının dağıtmasına izn verməməsi, Ad və Səmud qövmlərinin dəyişikliyə/məhvə məruz qoyulması, Nuh qövmünün suda boğdurulması, Firon və yaxınlarının suda boğulmaları, Səba xalqının sel fəlakəti ilə cəzalandırılması, Səmud ölkəsi kimi neçə-neçə məmləkətlərin quraqlıqla, göllerinin, çaylarının qurudulması və hər tərəfin səhralaşması ilə cəzalandırılması dəlildir ki, şübhəsiz, Rəbbinin əzabı, həqiqətən vaqe olacaqdır, ona mane olacaq [heç bir güc] yoxdur.[#312]
9,10) O gün göy lərzəyə gələcək, dağlar da yerindən qopub hərəkət edəcək.
11,12) Elə isə, o gün boş işlərlə oynayıb duran, təkzib edənlərin vay halına!
13,14,15,16) O gün, haqqı yalan sayanlar bir ucdan cəhənnəm atəşinə sövq ediləcək. -Bax bu, yalan saydığınız atəşdir! Yaxşı, bu da bir sehrdir? Yoxsa siz görmürsünüz? Söykənin oraya! İstər səbr edin, istər etməyin, artıq sizin üçün eynidir. Siz, yalnız əməllərinizin əvəzini alacaqsınız!-
17,18,19,20) Şübhəsiz, Allahın mühafizəsi altına daxil olan kəslər, Rəbbinin onlara verdiyi ilə səf-səf düzülmüş taxtlara söykənərək, zövqü səfa sürərək cənnətlərdədirlər, nemətlər içindədirlər. Və Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. Biz onları iri gözlülərlə qoşalaşdırdıq. -"Etdiyiniz əməllərin əvəzi olaraq, nuşcanlıqla yeyin, için!"-
21) Və iman edən, nəsilləri də imanla arxalarınca gedən kəslər ki var, Biz, onların nəsillərini də özlərinə qoşduq. Onların əməllərindən bir şey əskiltmədik. Hər kəs qazandığının girovudur.
22) Onların istədikləri meyvələrdən və ətlərdən bol-bol [onların qabağına] düzdük.
23) Orada, özündə boş söz, lağlağılıq və günaha təhrik olmayan bir qədəhi [bir-birlərinə] ötürəcəklər.
24) Və özlərinə məxsus olan oğlanlar onların ətrafında dolanacaqlar; onlar sanki sədəf içində gizlənmiş inci kimidir.
25,26,27,28) Bir-birlərinin üzünə baxıb soruşacaqlar: "Həqiqətən biz, bundan əvvəl ailəmizin içində [olarkən] qorxanlardan idik. Allah bizə mərhəmət etdi və bizi adamın içinə nüfuz edən əzabdan qorudu. Şübhəsiz ki, biz daha əvvəl, Ona yalvarırdıq. Şübhəsiz ki, yaxşılıq edən, mərhəmət göstərən məhz Odur!"
29) Haydı, sən öyüd-nəsihət ver! Artıq sən Rəbbinin neməti sayəsində kahin və gizli gücləri olan/məcnun deyilsən.
30) Yaxud onlar: "Bir şairdir, zamanın fəlakətlərinə uğramasını gözləyirik" deyirlər?
31) Sən de ki: "Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."
32) Onların ağılları bunu əmr edir, yoxsa onlar azğın bir qövmdür?
33,34) Yaxud, vəhy olunan şeylər barədə, "Özündən uydurdu" deyirlər? Əslində, onlar inanmırlar. Yaxşı, onun kimi bir sözü onlar da gətirsinlər, əgər doğru deyirlərsə.
35) Yoxsa onlar heç bir şeysiz yaradılıblar? Yoxsa onların özləri yaradıcıdır?
36) Yoxsa göyləri və yer üzünü özləri əmələ gətiriblər? Əslində, onlar heç bir şey bilmirlər.
37) Yoxsa Rəbbinin xəzinələri onlardadır? Yaxud özləri hakimdirlər?
38) Yoxsa onların qulaq asdıqları bir nərdivanı vardır? Elə isə, qulaq asan, açıq-aşkar bir dəlil gətirsin.
39) Yaxud da qızlar Onun, oğlanlar sizindirmi?
40) Yoxsa sən onlardan bir muzd istəyirsən, buna görə də onlar ağır bir borc yükünün altına giriblər?
41) Yoxsa görünməyən, eşidilməyən, hiss edilməyən, keçmiş, gələcək onların yanındadır və [bunu] onlar yazırlar?
42) Yoxsa hiyləgər bir tələ qurmaq istəyirlər? Lakin kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] özləri hiyləgər tələyə düşəcəklər.
43) Yoxsa onlar üçün Allahdan başqa bir məbud var? Allah, onların şərik qoşduqları şeylərdən pakdır.
44) Və göydən düşməkdə olan bir parça görsələr, "Üst-üstə yığılmış buludlardır" deyərlər.
45) Artıq onları, huşsuz düşüb qalacaqları günə qovuşana qədər tərk et.
46) O gün, hiyləgər planları onlara heç bir fayda verməz və onlara kömək də edilməyəcəkdir.
47) Bəli, şübhəsiz, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslərə, bundan aşağıda da bir əzab var, amma onların çoxu bilmir.
48,49) Və sən Rəbbinin hökmünə səbr et. Artıq şübhəsiz sən Bizim gözümüzün önündəsən. Qalxdıqda, gecənin bir qismində və ulduzlar batarkən/Nəcm sonunda Rəbbinin tərifi ilə birlikdə Onu nöqsan sifətlərdən pak tut. Haydı, Onu bütün nöqsan sifətlərdən pak tut!