Ya sin

1) Ya/10, Sin/60.[#126]
2,3,4,5,6) Əcdadları xəbərdar edilməyən, buna görə də qafil [olan] bir tayfaya bununla [Quranla] xəbərdarlıq edəsən deyə, ən üstün, ən güclü, ən şərəfli, məğlub olması mümkün olmayan/mütləq qalib olanın, geniş mərhəmət sahibinin nazil etdiyi qanunları ehtiva edən/pozulmasının qarşısını alınmış Quran dəlildir ki, sən, o elçilərdənsən, heç şübhəsiz ki, sən doğru bir yoldasan.
7) And olsun ki, əcdadları xəbərdar edilməmiş bu qövmün əksəriyyəti barəsində Söz[#127] gerçək olmuşdur. Artıq onlar inanmazlar.
8,9,10) Şübhəsiz ki, Biz, onların boyunlarının içində dəmir həlqələr keçirtmişik. Belə ki, onlar çənələrinə qədərdir. Beləcə, onların burunları yuxarı qaldırılmışdır. Və Biz onların önlərində bir sədd, arxalarında bir sədd meydana gətirdik. Beləcə Biz, onları əhatə etdik. Artıq onlar görməzlər. Və onlara xəbərdarlıq etsən də, etməsən də, onlara görə birdir, iman gətirməzlər.
11) Şübhəsiz ki, sən o öyüd, xatırlatma olan Qurana tabe olan və görülməyən, eşidilməyən, hiss edilməyən yerlərdə belə Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən kimsəyə xəbərdarlıq edə bilərsən. Sən dərhal ona bir əfv və çox şərəfli bir mükafat barədə müjdə ver.
12) Şübhəsiz ki, ölüləri dirildən ancaq Bizik. Onların əvvəlcədən edib göndərdiklərini Və [qoyub getdikləri] izləri də yazırıq. Onsuz da Biz hər şeyi bir "açıq-aşkar yol göstərəndə/Quranda" sayıb hesablamışıq.
13) Sən qafil tayfaya o şəhərin əhalisini misal ver. Bir vaxt ora elçilər gəlmişdi.
14) Bir vaxt Biz onlara iki elçi göndərmişdik, onlar ikisini də təkzib etmişdilər. Biz də üçüncü ilə möhkəmləndirdik və onlar: "Şübhəsiz ki, biz sizə [göndərilən] elçilərik" dedilər.
15) Onlar isə: "Siz ancaq bizim kimi bir bəşərsiniz. Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] heç bir şey də nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız." dedilər.
16,17) Elçiler dedilər ki: "Rəbbimiz bilir ki, biz, həqiqətən, sizə göndərilmiş elçilərik. Bizə düşən [vəzifə] də yalnız açıq-aşkar təbliğdir."
18) O şəhərin əhalisi dedi ki: "Şübhəsiz ki, bizə sizin ucbatınızdan nəhslik üz verdi. Əgər [bu işdən] əl çəkməsəniz, and olsun ki, sizi daşqalaq edərək öldürərik və həqiqətən bizdən sizə çox şiddətli bir əzab gələr."
19) Elçilər: "Sizin nəhsliyiniz öz ucbatınızdandır. Sizə öyüd verildi deyəmi? Əslində siz həddinizi bilməyən bir tayfasınız" dedilər.
20,21,22,23,24,25) Bu vaxt o şəhərin ən uzaq yerindən bir adam qaçaraq gəldi. Dedi ki: "Ey qövmüm! Tabe olun elçilərə! Tabe olun sizdən heç bir muzd istəməyən o kəslərə ki, onlar "yönləndirildiyiniz doğru yolu" tapmışlar. Mən niyə bədəlik etməyim O məni yoxdan yaradana? Siz də ancaq Ona qaytarılacaqsınız. Mən, heç Onun altındakılardan məbud qəbul edərəmmi? Əgər Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən] mənə bir zərər toxundurmaq istəsə, məbudların köməyi, arxa çıxması mənə heç fayda verməz və o məbudlar məni xilas edə bilməzlər. Şübhəsiz ki, mən, məbudlar qəbul etsəm, açıq-aşkar bir azğınlıq içində olaram. Şübhəsiz ki, mən Rəbbinizə iman gətirdim. Haydı, qulaq asın mənə!"
26,27) Deyildi ki: "Haydı, gir cənnətə!" O da dedi ki: "Nə olardı! Qövmüm, Rəbbimin məni bağışladığını və məni şərəfləndirdiyini bir biləydilər."
28,29) Və Biz sonra onun qövmünün üzərinə heç bir qoşun göndərmədik, göndərəsi də deyildik. Sadəcə bir fəryad! Bir də gördün ki, onlar dərhal sönüb [getmişlər].
30) Vay o bəndələrin halına ki, onlara gələn hər bir elçini mütləq məsxərəyə qoyurdular.
31,32) Özlərindən əvvəl neçə-neçə nəsilləri dəyişikliyə, məhvə məruz qoyduğumuzu və onların [bir daha] bunların yanına qayıtmadığını görmürlərmi? Onların hamısı yığılaraq ancaq Bizim hüzurumuza gətiriləcəklər.
33) Və ölü torpaq, qafil tayfa üçün bir dəlildir. Biz onu diriltdik və ondan dənələr çıxardıq, onlar da ondan yeyirlər.
34,35) Və Biz onun meyvəsindən və öz əlləri ilə əmələ gətirdiklərindən yesinlər deyə orada xurma, üzüm bağları yaratdıq. İçindəki bulaqlardan sular qaynadırıq. Hələ də onlara verilən nemətlərin əvəzini ödəməyəcəklərmi?
36) Yerin bitkilərindən, öz nəfslərindən və bilmədikləri neçə-neçə şeylərdən cütləri, bunların hamısını əmələ gətirən [Allah] hər cür nöqsanlıqdan pakdır.
37) Gecə də qafil tayfa üçün bir dəlildir. Biz gecədən gündüzü siyirib [çıxarırıq] və onlar dərhal qaranlığa qərq olurlar.
38) Öz yolunda özü üçün qərarlaşdırılan [aqibətə çatmaq] üçün axıb gedən günəş də qafil tayfa üçün bir dəlildir. Bax bu, çox güclü və hər şeyi bilən Allahın nizamıdır.
39) Köhnə, quru bir xurma budağı kimi qayıdana qədər mənzillər; məkanlar müəyyən etdiyimiz Ay da, o qafil tayfa üçün bir dəlildir.
40) Günəşin aya çatmağı mümkün olmaz. Gecə də gündüzün önünə keçən deyil. Hamısı bir orbitdə üzüb gedir.
41,42) Bizim, şübhəsiz ki, onların nəslini yüklü gəmidə daşımağımız və həqiqətən onlar üçün o [gəmi] kimi minik vasitələri əmələ gətirməyimiz də qafil tayfa üçün bir dəlildir.
43,44) Və Biz istəsək -Bizim tərəfimizdən bir mərhəmət və müəyyən bir zamana qədər istifadə müddəti verilməsi; möhlət verilməsi istisna olmaqla- onları suya qərq edərik və o zaman onların fəryadına heç çatan da olmaz. Onlar xilas edilə bilməzlər.
45,46) Və onlara: "Sizə rəhm olunması üçün, keçmişdə etdiyiniz və gələcəkdə edəcəyiniz işlərdən/keçmiş və gələcək qüsurlarınızdan/keçmiş qövmlərin başına gələnlərin sizin başınıza gəlməməsi üçün, axirətdə başınıza gələcək fəlakətlərə qarşı "Allahın mühafizəsi altına daxil olun" deyildiyi zaman və Rəbbinin ayələrindən hər hansı bir ayə onlara gəldiyi zaman, onlar ancaq ondan üz çevirdilər.
47) Onlara: "Allahın sizə ruzi olaraq verdiyi şeylərdən xərcləyin; başqalarının da ehtiyacını təmin edin" deyildiyi zaman da kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş o kəslər], bu iman etmiş kəslər üçün: "Allahın istədiyi zaman yedirə biləcəyi kəsləri bizmi yedirəcəyik? Siz, ancaq açıq-aşkar bir azğınlıq içindəsiniz" dedilər.
48) Bir də qafil tayfa: "Əgər doğru deyirsinizsə, bu söz verilən təhdid nə zaman [gəlib çatacaq]?" deyirlər.
49,50) Onlar ancaq bir-biriylə mübahisə edərkən, onları yaxalayan yeganə bir fəryadla qarşı-qarşıya qalacaqlar. Bax, o zaman bir vəsiyyət belə edə bilməzlər. Ailələrinə, yaxınlarına da qayıda bilməzlər.
51) Və Sur üfürülmüşdür.[#128] Bir də görürsən ki, onlar qəbirlərindən [çıxıb] öz Rəbbinə doğru axın edirlər.
52) Onlar: "Vay halımıza! Yatdığımız yerdən bizi kim qaldırdı/oyatdı? Bu, Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] vəd etdiyi şeydir. Göndərilən elçilər də doğru söylədilər." deyəcəklər.
53,54) Ancaq yeganə bir fəryad olmuşdur. Bir də görürsən ki, hamısı hüzurumuzda fərəqət vəziyyətdə dayanmışdır. Artıq o gün insanlara hər hansı bir şəkildə haqsızlıq edilməyəcəkdir. Və sadəcə etdiklərinizin əvəzini alacaqsınız.
55) Həqiqətən cənnət əhli o gün könlünü şənləndirməklə məşğuldur.
56) Onlar və onları müşayiət etmək üçün təqdim edilən zövcələr, kölgəlik altında taxtların üstündə əyləşmişdir.
57) Ancaq onlar üçün orada meyvələr vardır. İstədikləri hər şey də onlarındır.
58) Söz olaraq onlara geniş mərhəmət sahibi Rəbbdən "salam" var.
59) Və ey günahkarlar! Bu gün siz haydı ayrılın!
60,61,62,63,64) Mən: "Ey Adəm övladı! Şeytana bəndəlik etməyin, həqiqətən o sizə açıq-aşkar bir düşməndir və Mənə ibadət edin, bax bu doğru yoldur və and olsun ki, şeytan sizdən bir çox nəsilləri yoldan çıxartdı" deyə sizə əhd vermədimmi? Hələ də ağılını işlədənlərdən deyildinizmi? Bax bu, sizə vəd olunan cəhənnəmdir. Bilə-bilə təkzib etdiyiniz/inanmadığınız şeylər səbəbiylə haydı, bu gün ona söykənin!
65) Bu gün Biz, onların ağızlarının üstünə möhür vurarıq; Bizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər.
66) Əgər Biz istəsəydik, gözlərini tamamilə kor edərdik/köklərini qurudardıq, onlar da yola tökülərdilər. Artıq haradan görəcəklər ki?
67) Və əgər Biz istəsəydik, olduqları yerdə onları elə dəyişdirərdik ki, nə irəli getməyə və nə geri dönüb gəlməyə gücləri çatardı.
68) Və Biz kimə uzun ömür versək, xilqətcə onu tərsinə/təpəsi üstə çeviririk. Buna baxmayaraq hələ də ağıllanmayacaqlarmı?
69,70) Və Biz ona şeir öyrətmədik. Bu ona yaraşmaz da. O, yalnız diri olanlara xəbərdarlıq etmək və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] barəsində Sözün[#129] gerçək olması üçün bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır.
71) Və onlar görmürlərmi ki, Biz, şübhəsiz ki, onlar üçün qüdrətimizlə meydana gətirdiklərimizdən bəzi heyvanlar yaratdıq, onlar da onlara sahib oldular.
72) Və onları, onlar üçün alçaq qəbul edilən varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.
73) Və onlarda daha çox mənfəətlər və içkilər var. Hələ də özlərinə verilən nemətlərin əvəzini ödəməyib nankorluqmu edəcəklər?
74) Bir də onlar, özlərinə kömək etsinlər deyə Allahın altındakılardan məbudlar/tanrılar qəbul etdilər.
75) Onlar, onlara yardım etmək iqtidarında deyil. Halbuki məbud qəbul edənlər, uydurma məbudlar üçün hazır əsgərlərdir.
76) O halda, onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlədiklərini və aşkarda etdiklərini də bilirik.
77) Və o adam, özünü bir nütfədən/bir damcı sudan əmələ gətirdiyimizi görmədimi, indi o, açıq-aydın bir düşmən olmuşdur.
78) Və öz yaradılışını unudub, Bizə bir məsəl çəkdi. Dedi ki: "Kim dirildə o sümükləri? Onlar çürümüş olduğu halda!"
79,80) De ki: "Onları ilk dəfə yaradan, onları dirildəcəkdir. Və O, hər yaratmağı çox yaxşı biləndir. O, sizə o yamyaşıl ağacdan bir atəş/oksigen yaradandır. İndi də siz oksigen yandırırsınız.
81) Göyləri və yeri yaradan, onlar kimisini yaratmağa qadir deyilmi? Bəli, əlbəttə qadirdir! Və O, çox-çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
82) Şübhəsiz ki, O, bir şeyi dilədiyi zaman, Onun əmri/işi o şeyə "Ol!" deməkdir; o da dərhal olar.
83) O halda, hər şeyin mülkiyyət və idarəsi Öz əlində olan Allah, hər cür nöqsanlıqlardan pakdır. Siz də ancaq Ona qaytarılacaqsınız. "