Əbəsə

1,2) O kor adam yanına gəldiyi üçün elçi qaşqabağını töküb üzünü çevirdi.
3,4) -Haradan bilirsən, bəlkə o da təmizlənəcək, bəlkə öyüd dinləyəcək və bu öyüd ona fayda verəcək.
5,6,7,8,9,10) Özünü bütün ehtiyacların fövqündə görən o şəxsə gəlincə isə, onun təmizlənməməsində sənin bir məsuliyyətin olmadığı halda, sən üzünü ona çevirirsən. Ancaq! Bilgi, məhəbbət və hörmətdən əsərək qaça-qaça sənə gələn var ha; sən isə ondan asanlıqla uzaqlaşırsan, elə bilirsən ki yaxşı eləmisən.-
11,12,13,14,15,16) Qətiyyən onların fikirləşdikləri kimi deyil! Quran, qiymətli səhifələr içində, ucaldılmış, tərtəmiz təmizlənmiş, möhtərəm, yaxşı yazanların əllərində düşünməyə sövq edəndir. İstəyən, onu düşünərək öyüd alar.
17) Düzəlməz bir vəziyyətə düşdü o insan! Necə də kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] biri oldu o insan!
18,19,20,21,22) Allah, onu nədən əmələ gətirdi? Bir spermadan! Allah əmələ gətirdi, müəyyən ölçüdə formalaşdırdı, Sonra, yaşadığı müddətdə elçi göndərərək, kitab nazil edərək haq yolu onun üçün asanlaşdırdı, Sonra onu öldürdü, qəbrə qoydurdu, Sonra istədiyi zaman dirildib meydana çıxaracaq.
23) Qətiyyən onun fikirləşdiyi kimi deyil! O insan, Allahın ona əmr elədiyini bu günə qədər heç yerinə yetirmədi.
24) Qoy insan öz yediyinə diqqət yetirsin!
25,26) Suyu bol-bol tökdük. Sonra torpağı çat-çat yardıq.
27,28,29,30,31,32) Beləliklə yer üzündə, sizin və heyvanlarınızın dolanışığı üçün dənlər/taxıl, üzümlər, yoncalar, zeytunlar, xurmalar, gur otlu, sıx ağaclı bağlar, meyvə və otlaq yetişdirdik.
33,34,35,36) Sonra, şiddətli toqquşmadan çıxan dəhşətli səs eşidiləndə; o elə bir gündür ki, adamlar qardaşından, anasından, atasından, zövcəsindən, oğullarından qaçacaq.
37) O gün onlardan hər biri üçün yetərincə iş olacaq.
38,39) O gün parlayan; gülən, müjdə verən üzlər olacaq.
40,41,42) Və o gün üzlər də olacaq ki, üstündə toz-torpaq olacaq; toz-torpağı da his basacaq. Bax bunlar, bəli bunlar küfr işləyən; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən, din-iman bilmədən pisliyə batanlardır.